İtkin düşmüş alpinistlərin axtarış-xilasetmə tədbirləri fasiləsiz aparılır

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. SİA-nın məlumatına görə, axtarış-x

İtkin düşmüş alpinistlərin axtarış-xilasetmə tədbirləri fasiləsiz aparılır
BU MÖVZU 26 DƏFƏ OXUNDU.
Xəbərin videosunu izləmək üçün tıklayın!

Axtarış-xilasetmə işləri üçün lazımi texnikalar və müasir avadanlıqlardan istifadə olunur. Xilasedicilər bütün gücləri ilə idmançıların axtarışında iştirak edirlər.

İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 9-da axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib. Bununla bağlı Jurnalistlər Tufandağa helikopterlə yollanıblar.

Əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Əməliyyat Qərargahının rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər iştirak ediblər.

Qeyd olunub ki, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-01 yanvar 2018-ci il tarixlərində hava şəraiti kəskin pisləşib - temperatur aşağı düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Eyni zamanda, 05 yanvar 2017-ci il tarixində Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri (3 nəfər) hadisə rayonunda olublar. Xarici mütəxəssislər alpinistlərin olma ehtimalının böyük olduğu ərazilərə baxış keçirib və həmin ərazilərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəliblər.

Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

Müşavirədə qarşıda duran məsələlər müzakirə edilib, müvafiq göstərişlər verilib.

Əməliyyat müşavirəsindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Avstriyalı alpinist, Avstriya DİN-in dağ-xilasetmə polisi Adolf Harrer bildirib ki, alpinistlərin üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı. O vurğulayıb ki, axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən üç alpinistin tapılması üçün əllərindən gələni edirlər, lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmadığı üçün Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi. Həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini F.Əliyev isə deyib ki, alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə üzvü olduqları klub məsuliyyət daşıyır. O bildirib ki, "Gilavar" idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur”.

F.Əliyev qeyd edib ki, son 10 il ərzində 400-dən çox alpinistə dağa qalxmaq üçün icazə verilib. Bu, ilk belə bədbəxt hadisədir.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bunyatov Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Sende Yorumla...
Hərf sayı : 500
MARAQLIDIRX